121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə seçiciləri ilə növbəti görüşünü Qaradağ rayonu Ümid qəsəbəsində keçirib.
  
Unikal.org
xəbər verir ki, görüşdə namizədin seçkiqabağı platforması və ölkədə aparılan islahatlar müzakirə edilib. M. Abbaszadə Azərbaycan Prezidenti İlham Əliyev və birinci Vitse-Prezident Mehriban Əliyevanın məcburi köçkünlərin probbemlərinin həllinə xüsusi həssaslqla yanaşdığını vurğulayıb. O, qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin yeritdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir. 

Mahir Abbaszadə təmsil etdiyi Yeni Azərbaycan Partiyasının da öz fəaliyyətini Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların mahiyətinə uyğun qurduğunu deyib. 

Özünün V çağırış Milli Məclisdəki fəaliyyəti barədə hesabat verən həkim partiyanın namizədi, ötən dövr ərzində Laçın rayonunu Azərbaycan səviyyəsində, Azərbaycanı isə beynəlxalq arenada layiqincə təmsil etməyə çalışdığını qeyd edib. O, ötən dövrdə seçicilərinin müraciətlərini daim aidiyyəti qurumlar qarşısında qaldırdığını və onların müsbət həllinə çalışdığını bildirib. 

Tədbirdə çıxış edən Laçınlı məcburi köçkünlər M.Abbaszadənin bundan əvvəlki deputatlıq fəaliyətinə müsbət qiymət verib, ona edilən müraciətlərin cavabsız qalmadığını vurğulayıb və 9 fevralda Milli Məclisə keçiriləcək seçkilərdə yenidən M. Abbaszadəyə səs verəcəklərini bildiriblər. 

Daha sonra Mahir Abbaszadə Laçın rayonundan məcburi köçkün, 82 yaşlı tənha qadın Həsənova Zöhrə Cəlal qızının evində olub, onunla söhbət edib. Səmimi keçən görüş zamanı Zöhrə Həsənova M.Abbaszadəyə seçkidə qalibiyyət arzu edib. 

Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir. YAP-ın namizədi Mahir Abbaszadənin seçki qabağı kampaniya çərçivəsində laçınlıların sıx məskunlaşdığı bölgələrdə 15-dən çox görüş keçirəcəyi gözlənilir.