Yanvarın 23-də rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Kürdəmir şəhərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, Səyavuş Paşayev adına şəhər 6 saylı tam orta məktəbdə keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul-görüşü giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yola saldığımız 2019-cu ilin rayonumuz üçün uğurlu keçdiyini, ötən ildə rayonumuzda müasir standartlara cavab verən Asan Xidmət Kompleksinin, Kürdəmir Xalça emalı müəssisəsinin, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərciyin tikintisinın başa çatdırıldığını bildirdi. Ceyhun Cəfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur.Belə ki, Kürdəmir rayonunda yerli əhəmiyyətli Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli kəndlərinin avtomobil yollarının tikintisi başa çatdırılıb, Yenikən-Dəyirmanlı avtomobil yolunun tikintisi davam etdirilir və Ərəbqubalı-Çöl-Qubalı-Məhərrəmli kəndlərinin birləşdirən, uzunluğu 18 km olan yerli əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəzalı vəziyyətdə və istismara yararsız olan şəhər 7 saylı uşaq bağçası-körpələr evi sökülərək yerində 40 yerlik uşaq bağçası-körpələr evi , rayonun Yenikənd kəndində isə istismara yararsız tibb məntəqəsi sökülərək yenidən inşa edilir. ”BP” şirkətinin xətti ilə şəhər 6 saylı uşaq bağçası-körpələr evi əsaslı təmir olunur. Son illərdə rayon ərazisində 8 modul tipli məktəb binası quraşdırılıb, bundan əlavə Kürdəmir rayonunun E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina, şəhər 1 saylı tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. Çıxışının sonunda Kürdəmir rayonuna göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri Cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya kürdəmirlilər adından öz minnətdarlığını bildirib.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri çıxış edərək ərazi vahidliyində görülmüş işlər və həyata keçirilən tədbirlər barədə danışdılar. Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Qəbulda şəhər sakinlərinin küçələrinin işıqlandırılması, ictimai nəqliyyatın bərpa olunması,tikintisi yarımçıq qalmış şəhər kanalizasiya xətinin tikintisi və digər məsələlər ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verilib.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qəbulda qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.