SOCAR Bakı-Novorossiysk boru kəməri (Şimal boru kəməri) ilə neft nəqlini dayandırıb.

Unikal.org xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, sözügedən xətlə neftin nəqlinin dayandırılması texniki xarakter daşıyır.

"Bu il nəql məqsədi ilə bu kəmərdən (Bakı-Novorossiysk – red.) istifadə etməmişik. Nəql üçün bir neçə kəmərdən istifadə edə bilərik. Həcmləri bir istiqamətdən digər istiqamətə yönəldə bilirik", - deyə İ. Əhmədov bildirib.

O, həmçinin, qeyd edib ki, bu il üzrə Şimal neft kəməri üçün hələlik son təsdiq olunmuş nəql planı (həcm və tarix üzrə – red.) yoxdur: "Bu il Bakı-Novorossiysk kəməri ilə neft tədarük edilə bilər. Dediyim kimi, bu, istisna edilmir. Amma hələlik vaxt və həcm üzrə plan yoxdur".

Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına gərə, ötən il SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azdır.

Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu 916 kilometr.