Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul edib.
Unikal.org xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi və Laçın rayonlarından olan 53nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.