İran sabah (4 fevral) 70 iranlı tələbənin ölkəyə qaytarılması üçün Çinin Uhan şəhərinə təyyarə göndərəcək.
Unikal.org xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.
Onun sözlərinə görə, təyyarədə İranın infeksiya və təcili yardım üzrə 5 peşəkar mütəxəssisi olacaq.
Nəməki əlavə edib ki, tələbələr ölkəyə gətirildikdən sonra 2 həftə karantində qalacaq: "İranda indiyədək yeni koronavirusa yoluxma halı qeydə alınmayıb".
Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.