Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Unikal.org xəbər verir ki, bu barədə Agentliyin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək Şimal-qərb Şimal küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək. Güclü külək fevralın 9-da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacacağı və daha çox olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.
Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək. Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq.