Fevralın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, diplomat, Polad Bülbüloğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley konserti təşkil olunub.
Unikal.org xəbər verir ki, tədbirdə tanınmış elm, mədəniyyət incəsənət xadimləri, hökumət və dövlət nümayəndələri, habelə ictimaiyyətin üzvləri iştirak ediblər.
Əvvəlcə tamaşaçılar Polad Bülbüloğlunun ifa etdiyi mahnılardan ibarət videoçarxı izləyiblər.
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Polad Bülbüloğlu tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək deyib: “Xoşbəxtəm ki, fevralın 3-də cənab Prezident İlham Əliyev məni ölkəmizin ən ali mükafatına layiq gördü. Bu mükafat mənim üçün gözlənilməz oldu. Dövlətimizin başçısı mənə çox xoş sözlər dedi. Fürsətdən istifadə edərək dövlətimizin başçısına bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva da məni təbrik edərək xoş arzularını bildirdi. Ona da dərin təşəkkürümü bildirirəm”.
Sonra konsert proqramı təqdim olunub.