Qazaxıstanın Daxili İşlər Nazirliyi Jambıl vilayətinin Korday rayonunda baş vermiş kütləvi iğtişaşların səbəbini açıqlayıb.
Unikal.org Kazinform agentliyinə istinadla xəbər verir ki, Daxili İşlər nazirinin müavini Aleksey Kalayçidi keçirdiyi brifinqdə iğtişaşlara yol münaqişəsinin səbəb olduğunu deyib. “Kimsə kimə isə yol verməyib. Nəticədə avtomobillərdəki bir neçə şəxs arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib”, - deyə Kalayçidi bildirib.
O əlavə edib ki, insident barədə informasiya sosial şəbəkədə yayılıb və gənclər arasında ajiotaj doğurub. Nəticədə kütləvi dava düşüb.
Son məlumatlara görə, iğtişaşlar nəticəsində 10 nəfər həlak olub. Həmçinin 50 nəfər yaralanıb və daha 50 nəfər saxlanılıb. Hadisələrin gedişində 25 fərdi evə, 31 kommersiya obyektinə və 41 avtomobilə ziyan dəyib.
İğtişaşların fəsadlarının aradan qaldırılması üzrə hökumət komissiyası yaradılıb.
Korday rayonunda vəziyyətin sabitləşdiyini bildirən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter” səhifəsində yazıb ki, faciəyə yol verən dövlət orqanlarının əməkdaşları cəzalandırılacaq, təxribatçılar məsuliyyətə cəlb olunacaq, zərərçəkənlərə yardım göstəriləcək.