Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov Münhendə Prezidenti İlham Əliyevin erməni baş nazir Nikol Paşinyanla keçirilən açıq debatından danışıb.
Unikal.org xəbər verir ki, bu barədə Firdovsi Umudov Demokrat.az-a açıqlama verib. O bildirib ki, Prezident İlham Əliyev sözügedən debatda öz ağıllı davranışları və hazırcavablığı ilə Paşinyanı dünyanın qarşısında rəzil vəziyyətə salıb:
"İdman dili ilə desək, cənab Prezident İlham Əliyev həmin görüşdə Paşinyanı nokauta saldı. Ölkə başçımız Nikol Paşinyana həm tarixdən dərs keçdi, həm də dünyanın gözü qarşısında açıq mesaj verdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Cənab Prezident İlham Əliyevin bu çıxışı Ermənistan daxilində də çaxnaşma yaradıb. Artıq erməni ictimaiyyəti Paşinyanı hazırlıqsız və rüsvayedici çıxışına görə qınayırlar".
Firdovsi Umudov deyib ki, Münhendə Azərbaycan Ermənistana qarşı informasiya müharibəsində tarixi qələbə qazanıb:
"Bütün idmançılarımız bu tarixi qələbədən qürur hissi keçirirlər. Həmin ərəfədə Azərbaycan güləşçiləri də erməni idmançılara qalib gələrək, Vətənə öz töhfələrini verdilər. Sağ olsunlar, güləşçilərimizi ilk təbrik edənlər də məhz cənab Prezident İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva oldu. Onların idmançılarımıza göstərdiyi böyük diqqət və qayğı bizi öz mübarizəmizdə daha da ruhlandırdı. Nəticədə güləşçilərimiz erməni rəqiblərini məğlub etdilər. Şübhəsiz ki, cənab Prezidentin dünya ictimaiyyəti qarşısında tarixi faktlar gətirməklə Paşinyanı susdurması güləşçilərimizin öz mübarizələrində daha əzmkar olmasına və qələbə qazanmasına gətirib çıxardı. Hər zaman var olun cənab Prezident və hörmətli Mehriban xanım Əliyeva. Sizin yorulmaz fəaliyyətiniz bizə böyük güc verdi".
Xatırladaq ki, Avropa Çempionatında Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı Gevorq Mxeyan ilə üz-üzə gəlib. Qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib və 8:15 hesabla qalib gəlib.
Cəbrayıl Həsənovun (79 kq) 1/4 finalda rəqibi erməni olub. Cəbrayıl Həsənov Arman Avakyanı 8:4 hesabı ilə məğlub edib.
Cəmaləddin Məhəmmədov da (125 kq) bürünc medal uğrunda dueldə Ermənistan təmsilçisi Levan Berianidzeni məğlub edib.