Gənclər və İdman naziri Azad Rəhimov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunan təltifetmə mərasimindən sonra jurnalistlərə açıqla verib.
Unikal.org-un xəbərinə görə, nazir açıqlamasında bildirib ki, daim bu bayramı idman ictimaiyyəti ilə birlikdə qeyd edilib:
"25 il əvvəl ümummilli lider Heydər Əliyev idmançılarla görüşüb və onların problemləri ilə tanış olub. 15 il əvvəl isə ölkə prezidenti İlham Əliyev sərəncamla bu günü idman bayramı kimi təsdiqləyib və idmansevərlərə bu günü bağışlayıb. Bu gün idmançıların, məşqçilərin və digər şəxslərin bayramlarını təbrik etmişik".
Bu il bayramı martın 4-dən qeyd etməyə başladıqlarını söyləyən A.Rəhimov sabah Naxçıvana yollanacaqlarını açıqlayıb:
"Bədən Tərbiyəsi və İdman gününü ilk dəfə Naxçıvanda qeyd edəcəyik. Daim bu bayram Dənizkənarı Bulvarda qeyd olunurdu. Həmin formatda Naxçıvan əhalisi ilə birlikdə qeyd etmək istəyirik. Bu günlərdə idman ictimaiyyəti, olimpiya çempionlarımız Naxçıvana yola düşür. Fürsətdən istifadə edərək idmançıların hamısını bayram münasibətilə təbrik edirəm".