Bakıda Milli Gimnastika Arenasında ilk Kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin komanda hesabında və fərdi çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Unikal.org-un məlumatına görə, fərdi çoxnövçülükdə Vladimir Kostyuk (Ukrayna) birinci, Radomir Stelmax (Ukrayna) ikinci, Həsən Bulut (Türkiyə) üçüncü yeri tutub.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının menecerləri Fərid Məmmədzadə, Viktoriya Abuşova və Bakı Gimnastika Məktəbinin nümayəndəsi İnara İsrafilbəyova təqdim ediblər.

Komanda hesabında birinci yeri Ukrayna komandası (231.000 xal), ikinci yeri Türkiyə komandası (226.650 xal), üçüncü yeri Azərbaycan komandası (218.300 xal) tutub.

Mükafatları Azərbaycan gimnastika yığmasının baş məşqçisi Rza Əliyev, Gürcüstan Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdia, beynəlxalq dərəcəli hakim Zbiqnev Pelç təqdim edib.

Ən yüksək icra balına görə Azərbaycan gimnastı Ramin Dəmirova AGF Trophy Kuboku verilib. Mükafatı idmançıya Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda, həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.