"Rəqibin gücü hamıya bəllidir. Qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə ediblər. İspaniyanın isə qadın futbolunda hegemon olması heç kimə sirr deyil. Polşa millisi də onlardan geri qalmır".
Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov martın 11-də Bakıda Polşa seçməsi ilə keçirəcəkləri AVRO-2021-in seçmə oyunu barədə danışarkən deyib.
O, ev matçında xal qazanmağa çalışacaqlarını bildirib: "Rəqibin heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçular var. Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq".
S.Əsgərov deyib ki, Polşanın qrupda keçirdiyi oyunları izləyib: "Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq".
Qeyd edək ki, sabah "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa oyunu saat 18:00-da başlayacaq. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk iki matçında səfərdə ispanlara, evdə isə çexlərə 0:4 hesabı ilə uduzub. Belarusla səfər görüşü də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:3.