Dünya tarixində bir çox faciəli hadisələr baş verib. Bunlardan biri də həmin zamanda Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Ukraynanın Çernobıl şəhərində yerləşən Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadır. Artıq həmin dəhşətli qəzadan 34 il ötür.

Unikal.org xəbər verir ki, Çernobıl AES Sovetlər İttifaqının ən çox övündüyü mühəndislik layihələrindən biri idi və təxminən 30 milyon insana bəs edəcək qədər elektrik enerjisi istehsal edirdi. Onun tikilməsinə 1970-ci ildə başlanılmışdı. 1977-ci ildə isə AES artıq fəaliyyət göstərirdi.

Buna baxmayaraq 1986-cı il 26 aprel tarixində aparılan yoxlamalar zamanı ardıcıl edilən səhvlər ucbatından böyük bir partlayış oldu. Bununla da Avropaya 1945-ci ildə Xiroşimaya atılan nüvə silahından 50 qat daha çox miqdarda radioaktiv maddələr yayılmağa başladı. Həmin radioaktiv maddələr külək və yağışlar vasitəsilə bir çox ölkəyə yayılaraq insanların içdikləri suya və kənd təsərrüfatı məhsullarına qarışdı. Bununla da milyonlarla insanda xərçəng xəstəliyinə yoluxma riski artdı. Həmin şəxslərin səhhətində xərçəng də daxil olmaqla bir çox xəstəliklər meydana gəldi. Faciənin nəticəsi olaraq dünyaya yeni gələn uşaqlarda müxtəlif qüsurlar və şikəstliklər aşkarlandı. 

Eyni zamanda partlayışdan sonra hadisə yerinə gələn yanğınsöndürənlər də bir neçə həftə içərisində vəfat etdilər. Paytaxt Kiyevdən 70 kilometr məsafədə yerləşən Pripyat şəhərində isə bəzi insanlar bir körpüdən yanğını və radiasiyanın havada əmələ gətirdiyi parlaq işıqları seyr edirdilər. Həmin insanların da xərçəng xəstəliyinə tutularaq bir neçə il sonra öldükləri məlum olub. Bu yaşananlardan sonra həmin körpüyə "Əzrail körpüsü" adı verildi. 

Baş verən yanğın su ilə sönməyəcək qədər böyük olduğu üçün reaktorun üzərinə 2 mindən çox vertolyot uçuşu ilə qum və digər maddələr ataraq yanğını söndürməyə çalışdılar. Bu maddələr həm yanğının hava ilə təmasının qarşısını aldı, həm də radioaktiv maddələrin parçalarının yayılmasını azaltdı. Partlayışdan dərhal sonra başlamalı olan insanların təxliyəsi isə 36 saat sonra başladı. Müvəqqəti olaraq təxliyə olunduqları deyilən 350 min nəfər bir daha heç vaxt evlərinə qayıda bilmədilər.

Tələf olan heyvanlar radioaktiv kirliliyin artmaması məqsədilə torpağa basdırıldı. Partlayışdan bir neçə ay sonra isə reaktorun üstü 300 min ton beton və 6 min ton ağırlığındaki poladla örtüldü. Bu örtüyə "məzar" adı verildi. O, istifadə müddəti bitdiyi üçün 2 il öncə daha güvənli və daha böyük bir örtüklə dəyişdirildi. 

Qəzanın mənfi təsirlərinin bir neçə nəsil boyunca davam edəcəyi təxmin edilir. Çernobılda 4 aprel 2020 tarixində başlayan və təxminən 2 həftə boyunca davam edən meşə yanğınları 34 il öncə baş verən fəlakətin risklərinin hələ də davam etdiyini sübut etdi.

Bəzi araşdırmalara görə, Çernobılda baş verən dəhşətli qəza ümumilikdə 200 min insanın ölümünə səbəb olub. Bu dəhşətli qəzanın təsirlərini azaltmaq üçün reaktorun ətrafında işləyən on minlərlə əsgər və sivil insan isə qəzadan bir neçə ay sonra yüksək dərəcədə radioaktiv maddələrin təsirinə məruz qaldıqları üçün həyatlarını itirdilər.

Artıq günümüzdə Ukraynanın Pripyat şəhərində heç kim yaşamır. Ərazidə hələ də yüksək miqdarda radiyasiya mövcuddur.

Murad İbrahimli