Rusiyanın təzyiqləri nəticə vermədi
13:01 21-11-2012
İQTİSADİYYAT
Rusiyanın təzyiqləri nəticə vermədi
Azərbaycan strateji seçimini etdi
Son zamanlar Rusiya – Azərbaycan münasibətlərində bir gərginlik müşahidə olunmaqdadır. Və bu gərginlikdə sözsüz ki, qərbin enerji təhlükəsizliyinin təminatı məsələsidə var. Belə ki, Azərbaycan bu gün qərbin enerji təhlükəsizliyi məsələsində aparıcı yer tutur və bu günü-gündən daha da genişlənir. Bu isə sözsüz ki, Rusiyanın maraqlarına cavab vermir.
Digər tərəfdən isə Rusiya Nabucco layihəsinin baş tutmaması üçün gücünü səfərbər edib və bəzi dövlətlər də bu layihəyə çox risk etmirlər. Amma Azərbaycan Türkiyə ilə birlikdə yeni bir layihəni reallaşdırmağa çox yaxındır. “Türkiyə tərəfindən Avstriyaya təklif olunan “Nabucco” qaz kəməri qeyri-müəyyənliklə qarşılaşdıqdan sonra Türkiyə və Azərbaycan buna alternativ olan və Rusiya və İrana paralel olaraq Cənub qaz dəhlizinin yaradılması üzərində işləyirlər. Bu qaz kəməri Avropanın enerji təminatını və Rusiyadan qaz asılılığının aradan qaldırılmasını təmin edəcək”. Bu barədə nüfuzlu “Forbes” jurnalında yazılan məqalədə göstərilib.
Məqalədə həmçinin deyilir ki, 2017-ci ilə kimi yekunlaşacaq Trans-Anadolu (TANAP) təbii qaz kəməri Azərbaycanın “Şahdəniz-2” yatağından Türkiyə vasitəsilə ildə 16 mlrd. kubmetr qaz nəql edəcək: “TANAP bu ay enerji nəhəngləri olan BP, Statoil və “Total SA” ilə əməkdaşlığını elan edib. Qaz kəmərinin uğurlu alınması nəinki Türkiyə və Azərbaycan, o cümlədən Avropa Birliyi üçün də vacibdir. Dünya bazarı bu qaz kəmərini dəstəkləyəcək, lakin burada vacib məsələ odur ki, bu layihə ABŞ rəhbərliyinin praktik dəstəyini tələb edir. ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəsinin Cənub qaz dəhlizinə dəstək verdiyini bildirib, lakin onlar daha böyük iş görə bilərlər. Dəstək müxtəlif formalarda, o cümlədən diplomatik dəstək şəklində ola bilər. ABŞ rəhbərliyi Rusiya və İrana bəyan edə bilər ki, bu ölkə özünün regiondakı uzunmüddətli müttəfiqləri olan Azərbaycan və Türkiyəyə sadiqdir”.
Məqalədə qeyd olunur ki, Azərbaycan ABŞ və Avropa üçün əsas müttəfiq olmaqda davam edir: “Onun 30 trln. kubmetr şəklində dəyərləndirilən qaz ehtiyatları Mərkəzi Asiya ölkələrindən çox az miqdarda aşağıdır. Buna baxmayaraq, Azərbaycan təbii resursları sayəsində regionda əsas coğrafi tərəfdaşa çevrilib. TANAP Azərbaycanın təbii qaz ixracı və təhlükəsizliyi baxımından vacibdir. Ölkə üçün ən əsas təhlükə bu qaz kəmərinin reallaşmasında maraqlı olmayan Rusiya və İranla qonşu olmasıdır”.
Yazıda TANAP-ın Türkiyə üçün əhəmiyyətindən danışılır. Qeyd edilir ki, TANAP ölkənin elektrik enerjisi istehsalı və daxili inkişaf üçün vacib olan təbii qaz tədarükünü artıracaq və Avropanın enerji siyasətində Ankaranın rolunu yüksəldəcək: “Türkiyənin özünün təbii qaz və neft ehtiyatları olmasa da, çox vacib tranzit ölkədir. Türkiyənin stabil qaz təminatına ehtiyacı var ki, bunu da Azərbaycan təmin edir. TANAP həmçinin Avropanın Rusiyadan enerji asılılığını azaldacaq. Brüsseldə Avropa Birliyinin enerji komissarı Günter Ottinger bildirib ki, Avropa indi Azərbaycan və digər Xəzəryanı ölkələrdən qazı birbaşa almağa daha yaxındır”.
“Avropa həmçinin Azərbaycan kimi etibarlı tərəfdaş tapıb. Bu cür tərəfdaş Avropada təbii qaz qiymətlərinin azalmasına imkan verəcək. Tənqidçilər TANAP Avropa Birliyi ölkələrini kifayət qədər qazla təmin edə bilməyəcəyini desələr də, bu qaz kəməri Avropanın enerji təminatını həyata keçirəcək”, - deyə “Forbes” yazır.
Bu arada Milli Məclisdə Azərbaycanla Türkiyə hökümətlərinin imzaladıqları qaz sazişləri müzakirəyə çıxarılıb. İclasda “Azərbaycan ilə Türkiyə hökumətləri arasında təbii qazın Türkiyə Respublikasına satışı, Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan və Türkiyə hökumətləri arasında Azərbaycan Respublikası mənşəli və Azərbaycan ərazisindən tranzitlə keçən təbii qazın Türkiyə Respublikasına və onun ərazisi ilə Trans-Anadolu qaz kəməri vasitəsi ilə tranzit keçidinə dair” hökumətlərarası Sazişin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirib ki, birinci sənəd 2011-ci ilin oktyabrında Türkiyənin İzmir şəhərində, ikincisi isə 2012-ci ilin iyununda İstanbulda imzalanıb.Bununla da son günlər Rusiyanın təzyiqlərinə baxmayaraq Azərbaycan tutduğu mövqedən imtina etmədi və kifayət qədər ciddi bir layihənin inşasına start verildi.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53