Almaniyanın "Bild" nəşri "Formula 1" üzrə dünya çempionatında 2020-ci il mövsümünün mümkün kalendarını təqdim edib.
Unikal.org-un məlumatına görə, təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib.
Almaniyalı jurnalistlərə görə, mövsüm iyul ayından tez başlamayacaq. Bakıda yarışın sentyabrın 6-da baş tutacağı göstərilib.
İddiaya görə,Avstriya (5-12 iyul), Böyük Britaniy (26 iyul-2 avqust) və Macarıstan (16-23 avqust) mərhələlərinin sayı ikiqat artırılacaq.
Təqvimə həmçinin Sinqapur (20 sentyabr), Rusiya (27 sentyabr), Çin (4 oktyabr), Yaponiya (11 oktyabr), Meksika (1 noyabr), Braziliya (8 noyabr), Vyetnam (22 noyabr), Bəhreyn (6 dekabr) və Abu-Dabi (13 dekabr) Qran-priləri də daxil edilib.
Beləliklə, mövsümün 17 mərhələdən ibarət olacağı vurğulanıb.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.