Hindistanın məşhur Bollivud kino aktyorlarından olan, iki ildir xərçəng xəstəliyindən müalicə alan 67 yaşlı Rişi Kapur vəfat edib.
Unikal.org Hindistan mətbuatına istinadən xəbər verir ki, kino həyatına atası Raj Kapurun filmləri ilə başlayan və daha sonra romantik filmlərdəki rolları ilə şöhrət qazanan aktyor müalicə aldığı Mumbaydakı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, Kapur 2018-ci ildə xərçəng xəstəliyinə tutulub və təxminən 1 il ABŞ-da özəl xəstəxanaların birində müalicə alıb. Müalicəsindən sonra sentyabr ayında Hindistana qayıdıb.
Qeyd edək ki, 1970-ci ildə atası Raj Kapur tərəfindən qurulan və istehsal olunan “Mera Naam Joker”də uşaq aktyor rolunu canlandıran Rişi Kapur, bu filmdəki performansına görə ən yaxşı uşaq aktyor mükafatına layiq görülüb. Kapur ilk dəfə 1973-cü ildə oynadığı “Bobby” filmi ilə böyük şöhrət qazanıb. Aktyor 1980-90-cı illərdə çoxsaylı filmlərdə və həmçinin də, “Khel, Khel Mein”, “Karz” və “Chandni” kimi filmlərdə rol alıb.