Azərbaycanda yeni talış birliyi yaradıldı
Azərbaycanda yeni talış birliyi yaradıldı

Qurum bir həftə əvvəl təsis olunub, amma nədənsə mətbuata açıqlama verilməyib

Ölkəmizə qarşı bəlli xarici güclərin etnik kartları işə salmağa çalışdığı bir vaxtda hamının həssas olmasına ehtiyac var!

Təxminən bir həftə əvvəl - 14 noyabr 2012-ci il tarixdə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADN DTB) təsis olunub. Maraqlıdır ki, bu barədə məlumat mətbuata yalnız dünən məlum olub. Qurumun yaradıcılarının belə gecikməsinin səbəbləri bəlli deyil, amma maraq doğurur.
Təsis toplantısında ziyalılar, din xadimləri və alimlər iştirak ediblər. Toplantıda birliyə Səfərov Mehdibəy Mahmudəli oğlu sədr seçilib.
Birlik öz fəaliyyətində talış dilini, ədəbiyyatını, mədəniyyət və incəsənət nümunələrini, eləcə də milli özünüdərki qorumaq məqsədi ilə fəaliyyət göstərəcək.
Eyni zamanda Azərbaycanın inkişafı, mədəniyyətimizin təbliği də prioritet məsələlərdən olacaq.
ADN DTB üzvləri əsasən talışların kompakt yaşadığı bölgələrdə mütərəqqi fikirli ziyalılardan, ağsaqqallardan, alimlərdən, din xadimlərindən və digər nüfuz sahiblərindən ibarət olacaq.
Qeyd edək ki, birliyin təsisçiləri Mehdibəy Səfərov və Azərbaycan Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevdir.
"Unikal"ın araşdırmalarına görə, Mehdibəy Səfərov Respublika Talış Mədəniyyəti Mərkəzinin (RTMM) Bakı komitəsinin sədridir. Onun "Talışo Sədo" və talish.org saytındakı müsahibə və açıqlamalarının təhlili elə deməyə əsas verir ki, M. Səfərov Azərbaycanda milli zəmində etnik qarşıdurmalara qarşıdır və buna səy göstərənləri də "qara niyyətli" şəxslər hesab edir.
O bu yaxınlardakı bir müsahibəsində deyib ki, "Talış etnokulturologiyası tarix boyu ümumazərbaycan mədəniyyətini, folklorunu, adət-ənənələrini, mərasim və ya xalq mahnılarını, tarixini qaynaqlandıran əsas mənbələrdən biri olmuşdur. Ona görə də ana vətənimiz olan Azərbaycanımızın bütün mədəni və mənəvi sərvətlərinin qayğısına qalmaq istəyən hər kəs Talış mədəniyyətinə də analoji münasibəti əsirgəməməlidir".
Bununla belə son vaxtlar Azərbaycanda Rusiyanın etnik qızışdırıcılıq meyllərinə start
verəcəyinə dair narahatlıqlar fonunda belə təşkilatın yaranmasına diqqətsiz də yanaşmaq olmaz. Həm Rusiyadan, həm də İrandan Azərbaycanla bağlı narahatedici siqnalların artdığı dönəmdə bu cür təşkilatların hansı ehtiyacdan doğduğu təbii ki, maraq çəkəcəkdir; çünki həm Moskvanın, həm də Tehranın Azərbaycanı daxildən etnik münaqişə ocaqları yaratmağa çalışmaqla təsir altına almaq istədiyi aşkardır.
Azərbaycanda etnik azlıqlara həmişə - keçmişdə də, bu gün də sadəcə doğma münasibət hökm sürüb; burada hər etnosdan olanlar qaynayıb-qarışıblar, təsadüfi deyil ki, türkü, talışı, kürdü, ləzgisi, avarı və digərləri ilə birlikə hər kəs Azərbaycanı doğma və bölünməz vətəni hesab edir. Odur ki, ölkə kənarından Azərbaycanın daxilində etnik intriqalara yol açmaqla nəyəsə nail olmaq cəhdləri iflasa uğramağa məhkumdur; amma bu da bir həqiqətdir ki, indiki həssas dönəmdə etnik mənsubluğundan asılı olmayaraq hər kəsin də diqqətli olmasına, suallar, şübhələr yaradan davranışlardan çəkinməsinə ehtiyac var.
Hər halda yeni talış birliyinin də məhz Azərbaycana qarşı etnik təxribatlarda maraqlı olan xarici güclərə qarşı gərəkən mövqeni, duruşu sərgiləyəcəyinə inanırıq. Onun təsisçilərinin belə mesajları nə vaxt verəcəyi maraq doğurur. Gözləyək.
Azər Aslan