Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları Gəncədə adıçəkilən rayon sakinlərinin kompakt məskunlaşdığı qəsəbədə koronavirus pandemiyası ilə bağlı bir sıra maarifləndirici tədbirlər gerçəkləşdirib.
Unikal.org xəbər verir ki, 1500 ailənin məskunlaşdığı yeni qəsəbədə həyata keçirilən həmin tədbirlər çərçivəsində pandemiyanın insan sağlamlığına təhlükəsi, koronavirusla mübarizə yolları və s. barədə bilgilər verilib. Vətəndaşlara bildirilib ki, virusa yoluxmamaq üçün sosial məsafəyə əməl edilməsi, həmçinin gigiyenik qaydaların və qoruyucu tələblərin yerinə yetirilməsi insan sağlamlığı üçün böyük önəm daşıyır.
Polis işçiləri, həmçinin qəsəbə daxilində hərəkət edən sakinlərlə koronavirusla bağlı fərdi söhbət aparıb.
Sonda isə vətəndaşlara qoruyucu maskalar, marrifləndirici yazıların yer aldığı bukletlər paylanılıb.