Mayın 15-i səhərədək ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin mayın 14-də Böyük Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, düşən yağıntının miqdarı Girdimançay-Qaranohurda (İsmayıllı) 48 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 34 mm, Dəmiraparançayda (Qəbələ) 17 mm, İsmayıllı, Sarıbaşda (Qax) 5 mm, Qəbələ, Şamaxıda 2 mm olub.
Şimal-qərb küləyi Naftalanda 18 m/s, Salyanda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17 m/s-dək güclənib.
Girdimançay-Qaranohurda xırda dənəli dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-21, aran rayonlarında 22-31 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 22-27 dərəcə isti olub.