AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib.
Unikal.org xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.
O bildirib ki, yeni baş məşqçinin təyinatı avqust ayında reallaşa bilər: “3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir”.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.
Elxan Məmmədov onu da bildirib ki, Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə komanda sayı artırılmayacaq. Onun sözlərinə görə, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək:
“Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək”.
Qeyd edək ki, “Kəpəz” və “Turan Tovuz” klublarının yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi.