“Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir, sabah gün ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək".
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Unikal.org-a açıqlamasında deyib.
DYP rəsmisi bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub: “Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılaraq geri qaytarılıblar".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.