Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib.
Unikal.org xəbər verir ki, təxminən 5 ha sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edilib.
Ötən il yaradılmış sözügedən ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.
Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.