“İndiki dövrdə fəaliyyət elə təşkil olunmalıdır ki, qanunyaratma prosesinin ən vacib mərhələsi olan normativ-hüquqi aktların müzakirəsi, qəbulu daha çevik və səmərəli şəkildə həyata keçirilsin, zamanla ayaqlaşa bilsin, ölkədə baş verən mütərəqqi, innovativ yeniliklərə uyğun olsun”.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Milli Məclis” jurnalına açıqlamasında bildirib.
O, rəhbərlik etdiyi komitənin üzərinə düşən məsələlərdən də danışıb.
Birinci vitse-spiker qeyd edib ki, komitənin işində vaxtında və məhsuldar müzakirələrin təşkili ilə bağlı yeni yanaşmalara üstünlük veriləcək.
“Düşünürəm ki, qanunvericilik təşəbbüsü hüququ əsasında müvafiq subyektlərin təqdim etdikləri dövlət quruculuğu və hüquq siyasəti predmeti olan layihələrin müzakirəsindən əlavə, ortaya çıxan zəruri hallar nəzərə alınmaqla, digər yeni təkliflərin araşdırılmasına da ciddi diqqət yetirilməlidir.
Daha mükəmməl nəticələr əldə etmək məqsədilə çalışacağıq ki, layihələri həm də geniş ictimai müzakirə müstəvisinə çıxaraq. Tanınmış mütəxəssisləri, ekspertləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə yanaşı, seçiciləri də bu prosesə fəal şəkildə cəlb edək” - deyə Ə.Hüseynli əlavə edib.