21 iyun tarixindən etibarən ölkəmizdə növbəti sərt karantin rejimi tətbiq edilsə də, insanları yaranmış vəziyyətə adaptasiya etmək o qədər də asan olmur.
Psixoloq Elnur Rüstəmov Unikal.org-a açıqlamasında bunun səbəbini düzgün psixoloji təbliğatın aparılmaması ilə izah edib və qeyd edib ki, tibbi hazırlıqla paralel psixoloji hazırlıq işlərin aparılması da vacibdir.
“Təbliğat və təşviqat işləri düzgün aparılmalıdır. Biz pandemiyaya tibbi olaraq hazır idik, lakin psixoloji olaraq deyil. Həm tibbi, həm də psixolojoi hazırlıq işlərinin eyni zamanda aparılmağı yaxşı olardı. Tibbi avadanlıqlar aldıq, modul tipli xəstəxanalar yaratdıq.
Düşünürəm ki, biz səbəblərlə işləməliyik. Qaynar xətlər işləməlidir, vətəndaşlar narahat olanda haradan dəstək alacaqlarını bilməlidirlər. Qaynar xətlərə edilən müraciət sayı, zənglərin edilmə səbəbləri ilə bağlı media və mətbuatda hansısa hesabat görmüsünüz? Azərbaycanın hansı bölgəsində adaptasiya prosesində çətinlik çəkirik və səbəbinin araşdırılması ilə bağlı kəskin çıxışlar edilməldir. Maariflənmə işlərinin aparılması mütləqdir. Qaynar xətt işləməli və hesabatlar təqdim edilməlidir. İlk vaxtlar tibbi hazırlıqla paralel, psixoloji tərəflər də qabardılsaydı, daha effektiv olardı”, - deyə psixoloq vurğulayıb.
Dürrə Həsənova