Avropa Birliyindən müxalifətə öldürücü zərbə
11:46 06-12-2012
İQTİSADİYYAT
Avropa Birliyindən müxalifətə öldürücü zərbə
“İlham Əliyevin prezident seçkilərində qalib gəlmək şansı daha çoxdur”
2013-cü il prezident seçkiləri yaxınlaşdıqca siyasi dairələrin aktivliyi təbii şəkildə artmağa başlayır. Hazırda müxalifət vahid namizəd problemini həll etməyə çalışır, hakimiyyət isə idarəetmədə mərkəzləşməni təmin etməklə ölkədə ki, siyasi prosesləri nəzarətində saxlamağa çalışır. Düzdür, müxalifət hələ ki, vahid namizəd problemini həll etməkdən çox uzaqdır, amma ortada müəyyən təsir sistemləri var ki, müxalifət də bunlardan yararlanmağa çalışırdı. İlk təsir mexanizmi isə qərb və ABŞ-in dəstəyini almaqla hakimiyyətə təzyiq göstərməkdir.
Hətta bununla bağlı müxtəlif sənədlər hazırlanıb və qərb diplomatları ilə müxtəlif görüşlər keçirtməklə bu sənədlərin ictimailəşməsinə çalışırlar. Amma deyəsən müxalifətin bu taktikası elə beşiyindəcə boğulacaq. Çünki beynəlxalq təşkilatlar hansısa məsələlərdə, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı kimi məsələlərdə Azərbaycan hakimiyyətinə təzyiqlər etsələrdə seçkilərlə bağlı tamam fərqli mövqe sərgiləyirlər. Bu arada müxalifətə beynəlxalq təşkilatların birindən ağır zərbə gəldi. “Düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var”.
Bu açıqlamanı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyin rəhbəri, səfir Roland Kobia verib. Ölkəmizdə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı öz fikirlərini bölüşən səfir seçkiqabağı vəziyyətdən danışmağın hələ tez olduğunu deyib: “Lakin Avropa Birliyi olaraq, biz təbii ki, siyasi plüralizmin, demokratiyanın olmasını, islahatların aparılmasını, namizədlərin sayının çox olmasını istəyirik. Seçkilərdə ən güclü namizəd qalib gələcək. Amma düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki o xalq arasında tanınır. Bununla belə gözləyirik ki, seçkilərdə namizədlərin sayı çox olsun və insanlara öz namizədliyini irəli sürmək üçün imkanlar yaradılsın”.
Çox maraqlıdır ki, bu mövzuda açıqlama bir müddət öncə ABŞ-in Azərbaycandakı səfiri tərəfindən də gəldi:-“Mövzunun İlham Əliyevin üçüncü dəfə namizədlik irəli sürüb-sürməyəcəyi məsələsi olduğunu düşünmürəm. Əsas mövzu seçkilərin demokratik olub-olmayacağıdır.
Hakimiyyətə beynəlxalq öhdəliklərini yerinə yetirməsində dəstək məqsədilə onunla əməkdaşlıq edəcəyik.
Biz həmçinin dərk edirik ki, demokratiya təkcə seçkilər günü demək deyil. Demokratiya azad və fəal vətəndaş cəmiyyəti, açıq və şəffaf institutlar deməkdir. İnanmaq istərdik ki, hakimiyyətin demokratiya və plüralizmə sadiqlik təminatları yerinə yetiriləcək”. Maraqlıdır, gözlənilmədən bu cür yumşalmalar nəyə xidmət edə bilər? Ekspertlər hesab edir ki, qərb bir neçə il ərzində çalışdı ki, müxalifətin alternativ gücə çüvrilməsinə nail olsun. Hətta buna görə İctimai Palataya açıq dəstək verildi və sistemli şəkildə diplomatlarla görüşlər təşkil edildi. Amma aydın oldu ki, müxalifət daxili problemlərdən qurtula bilmir və alternativ gücə çevrilmək üçün imkanları məhduddur. Bundan başqa qərb və ABŞ uzun müddət həm də çalışdı ki, müxalifət vahid namizəd problemini həll etsin və bununla səfərbər olunsunlar. Amma bu məsələdə də qərb yanıldı. Müxalifət liderləri iddialarından imtina etmədilər. Belə olan təqdirdə qərb və ABŞ əlavə problemlərin yaradılmasını bir kənara qoyaraq reallıqla hesablaşmağa başladılar. Bu isə müxalifətə olan ümidin ölməsi demək idi. Bununla da müxalifət son ümidini də itirdi. Bunu da qeyd edək ki, hazırda Azərbaycan qərbin enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayır və bu günə qədər üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Buna görə də hesab etmək olar ki, qərbə əlavə problemlər lazım deyil. Ekspertlər həmçinin hesab edir ki, bu məsələdə Rusiya faktoruda var. Belə ki, Rusiya mövcud hakimiyyətə qarşı sərt mövqe sərgiləyir və müxtəlif formalarda prezident seçkilərinə müdaxilə etməyə çalışır. Bu baxımdan Rusiyada yaradılan RATİ təşkilatını xüsusi ilə qabartmaq lazımdır. Qərb və ABŞ isə sözsüz ki, Rusiyanın regionda hadisələri təsirində saxlamasına imkan verə bilməzdi və bu gün bunun şahidi oluruq. Politoloq Elxan Şahinoğlu “Unikal”a açıqlamasında bildirdi ki, qərb o zaman müxalifətin dediyinə dəstək verərdi ki, ortada ciddi etiraz olsun:-“Bu etirazlar isə referendimum keçiriləndə ola bilərdi. Amma həmin vaxt müxalifət bunu bacarmadı və məsələ bitdi. Mən hesab etmirəm ki, qərb və ya ABŞ İlham Əliyevin üçüncü dəfə seçkilərdə iştirakına etiraz etsin”. Beləliklə aydın oldu ki, 2013-cü il seçkilərinin ümumi mənzərəsi ortadadır və bu mənzərədə müxalifət demək olarki yox dərəcəsindədir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00