Gəncə Şəhər İcra Hakimiyyətinin başçsı Niyazi Bayramov ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla növbəti onlayn görüş keçirib. Birbaşa ünsiyyət imkanlarının məhdud olması nəzərə alınaraq təşkil olunan onlayn görüşdə Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qurumdan Unikal.org-a verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tovuz istiqamətində törədilmiş təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabit və əsgərlərinə Allahdan rəhmət diləyib, yaralılara şəfa arzulayıb.
Bununla yanaşı, Niyazi Bayramov koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Onlayn görüşdə vətəndaşlar öz müraciətlərini səsləndirib, problemlərini dilə gətiriblər. Fərdi yaşayış evinin təmiri, işlə təminat, torpaq sahəsinin ayrılması məsələləri müraciətlərin əsasını təşkil edib.
Hər bir sakinin müraciəti diqqətlə dinlənilib. Dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində müvafiq tapşırıqlar verilib.