"İyulun 14- dən15-nə keçən gecə paytaxt Bakıda keçirilən “Ordumuza dəstək yürüşü” Azərbaycan cəmiyyətində vətənpərvəlik ruhunun, vətənə, dövlətə sevginin, Ali Baş Komandana və müzəffər ordumuza etimadın yüksək olduğunu bir daha sübut etdi. Aksiya iştirakçılarının ordumuza, əsgərimizə, zabitimizə sevgi ifadə etməsi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti olduqca qürurverici idi".

Unikal.org xəbər verir ki, bu fikirlər Azərbaycan Güləş Federasiyasının
vitse-prezidenti Firdovsi Umudova məxsusdur.

O Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı münasibətini bildirib.
F.Umudov orduya dəstək olmağın vətəndaşlıq borcu olduğunu qeyd edib:
"Əlbəttə, orduya dəstək göstərmək hər bir insanımızın vətəndaşlıq borcudur. Və uca xalqımız da dünən məhz bu borcunu bəyan etməyə çıxmışdı və etdi də. İşğalçı Ermənistan və onun havadarları məhz bu yürüşdən sonra almalı olduqları mesajı aldılar. Artıq Azərbaycan xalqının bir qarış torpaq belə güzəştə getməyəcəyinin şahidi oldular. Ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə bu barədə açıq kontekstlə bəyanatlar verib. 

Buradan yola çıxaraq bildirirəm ki, məlum yürüş ölkəmizdə Xalq –Prezident, Prezident –Xalq birliyini, sevgisini əyani şəkildə nümayiş etdirdi. Eyni zamanda anti-Azərbaycan qüvvələr Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə monolit hakimiyyətin qurulmasının şahidi oldular. O hökumətlər və hakimiyyətlər monolit olur ki, orada xalq-iqtidar və ya Xalq-Prezident birliyi ən ali səviyyədə olur və hakimiyyətin mənbəyini xalq təşkil edir. Azərbaycanda da  hakimiyyətin mənbəyini xalqın təşkil etməsi heç kəsdə şübhə doğurmur. Dünən yürüşdə səsləndirilən şüarlarda bu öz əksini tapdı,
amma...

Amması odur ki, yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların və aqressiyanın formalaşdırılmasına səylər göstərildi. Küçələrdə iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Və əsası bu, qanları ilə torpağı yoğurub vətənə çevirən şəhidlərimizin ruhuna sayğısızlıq idi. Buna qəti yol vermək olmazdı. İndiki kövrək məqamda heç olmazdı. Ona görə olmazdı ki, əsgərlərimiz səngərdə ermənilərlə döyüşürdü. Təsəvvür edin, cəbhədə ermənilər əsgərlərimizi təxribata çəkir, şəhidlərimiz və yaralılarımız var. Paytaxtda da siz polislərimizi və xalqımızı provokasiyaya sövq etmək istəyirsiniz. Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu? Baxın, 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdə yaşanıb. Biz bunları unutmamışıq, hələ də yaddaşımızdan silinməyib. Hamısı gözlərimizin qabağında yaşanıb və biz xalq olaraq bunun ağrısını elə indi də dərimizdə hiss edirik. Ayrı-ayrı siyasi qrupların, şəxslərin maraqlarına xidmət edən “5-ci kolon” bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən anarxiya dövrünə qaytarmağa cəhd göstərdi. “5-ci kolon” növbəti dəfə öz mənfur niyyətlərini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı. Lakin bacarmadılar. Bacara da bilməzdi.  Axı Azərbaycan 1990-ci illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Axı bizim uğurlu yol keçmiş, mükəmməl şəkildə təkmilləşmiş və ölkəmizin təhlükəsizliyinin qorunmasında sütun rolunu oynayan hüquq-mühafizə orqanlarımız var.  Polislərimiz təxribatın da qarşısını ustalıqla aldılar. Dünən həmin şəxslərin bir qismi saxlanıldı. Onlar qanun qarşısında cavab verəcəklər. 

Sonda bir da diqqətə çatdırıram ki bu gün  hər birimiz Silahlı Qüvvələrimizin əsgəri olduğumuzu unutmalı deyilik. Buna görə də həmrəy olub, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Heç bir təxribata və dezinformasiyalara yol verməməliyik.  Bizim monolit dövlətimiz, müzəffər ordumuz, güclü və uzaqgörən Ali Baş Komandanımız var!

Sonda Allahdan Şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm.  

Tanrı cənab Ali Baş Komandanımızı, xalqımızı və əsgərlərimizi qorusun!"