Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə "Çin dili körpüsü" məktəblilər arasında keçirilən Ümumdünya müsabiqəsinin Azərbaycan üzrə onlayn turu təşkil edilib.

ADU-nin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, onlayn-müsabiqə Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının (Xanban) qərargahı və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Müsabiqədə orta məktəblərin və Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri iştirak ediblər. ÇXR-in Azərbaycandakı səfiri xanım Qo Min   onlayn-müraciətində müsabiqə iştirakçılara Çin dilinin öyrənilməsində yeni uğurlar arzulayıb və "Çin dili körpüsü" vasitəsilə Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndirilməsinə öz töhfəsini verib. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini, iki ölkənin universitet tələbələri və müəllimləri arasında əlaqələrin qurulması üçün yeni imkanlar açdığını qeyd edərək, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanda Çin dili tədrisinin genişləndirilməsi və təqaüd proqramlarının mübadiləsi üçün müsabiqənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onlayn müsabiqənin iştirakçıları sözügedən mövzuda Çin dilində nitq söyləmiş, Çin mədəniyyəti ilə bağlı suallara cavab vermiş, Çin incəsənəti üzrə ustad dərsləri zamanı əldə etdikləri bacarıqları nümayiş etdiriblər. Müsabiqənin nəticələrinə görə, birinci yeri tutan şagirdlər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və Çində növbəti mərhələlərdə təhsil alacaqlar.