Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikata (ISO 22301:2012) layiq görülən ilk Azərbaycan şirkəti oldu.
Bu barədə Unikal.org-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, “AzInTelecom” sertifikatın əldə olunması üçün Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditdən keçib. Bu sertifikat “AzInTelecom” və onun Data mərkəzi əsasında xidmət göstərən “Azcloud” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Belə ki, bu növ sertifikat, işində xətalardan müdafiənin, eləcə də onların yaranma ehtimalının azaldılması və bərpası üçün şəraitin təmin edilməsinə dair tələblərə cavab verən şirkətlərə təqdim olunur.
“AzInTelecom” MMC indiyədək beynəlxalq təşkilatlar tərəfindən İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartlarına, eləcə də “TIER III” standartının uyğunluq sertifikatına da layiq görülüb.