“Düşmən gəlib evimizi tutsun, dünya da desin ki, güzəştə gedin”.
Bu sözləri Unikal.org-a açıqlamasında Xalq yazıçısı Anar Rzayev deyib.
O, bildirib ki, güzəşt o halda ola bilər ki, sülh bağlayaq, ermənilər torpaqlarımızdan çıxıb getsinlər:
“Bu aralar iki hissi eyni anda yaşayıram. Biri ağrı, digəri də qürur hissidir. Ağrı hissi onunla bağlıdır ki, çox dəyərli zabitləri, əsgərləri, hətta generalı və polkovniki şəhid verdik. Cavan uşaqlar idi, çoxusunun ailələri, körpə uşaqları var idi. Amma digər tərəfdən də qürur duydum ki, düşmən layiqli cavabını aldı. Bu, ordumuzun gücünü, rəşadətini göstərdi. 1990-cı illərdə döyüş zamanı tez-tez hərbi hissələrdə olurdum. İndi zaman fərqlidir, ordumuz ən son texniklara sahibdir. Gənclərə gəlincə, onların hisslərini qəzəblərini, etirazlarını başa düşürəm. Doğrudan da nə qədər olar axı? Düşmən gəlib evimizi tutsun, dünya da desin ki, güzəştə gedin. Nə güzəşti? Ermənilərə heç bir güzəştə gedə bilmərik. Güzəşt sadəcə o olar ki, sülh bağlayaq və ermənilər torpaqlarımızdan çıxıb getsinlər. Sadəcə, cavanlar çılğın hisslərlə yanaşı soyuq mühakimə ilə də hərəkət etsələr yaxşı olar. Nəyin ölkəmizə, millətimizə zərəri və ya xeyri ola bilər onu dəqiq dərk etsinlər. Xüsusilə də indiki pandemiya dövrü insanlar arasında sosial məsəfələrin olacağı zamanda təhlükə daha da arta bilər. Tək müharibə ilə deyil, xəstəlik nəticəsində də ölüm sayı daha da arta bilər”.
Dürrə Həsənova