“2020-ci ilin 6 ayının sosial-iqtisadi göstəriciləri artıq məlumdur. Açıqlanan statistik rəqəmlər üzərindən müəyyən təhlillərin aparılması zəruridir”.
Bu barədə Unikal.org-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib:
“Əvvəlcə qeyd etmək istərdim ki, böhranlar dövründə vacib olan kəmiyyət deyil, keyfiyyət dəyişiklikləridir. Böhran zamanı iqtisadi rəqəmlərin azalması heç kəsdə təəccüb doğurmur və hətta gözləniləndir. Statistik rəqəmlərə görə bu ilin 6 ayının nəticələrinə görə ölkədə ÜDM 2.7%, qeyri-neft ÜDM-i 2.5%, əsas kapitala yönəlmiş vəsait 2.7%, yük daşımalar 14.1%, sərnişin daşıma 28.7%, əhalinin banklardakı əmanəti 11.2%, xarici ticarət dövriyyəsi 30% azalmışdır.
Lakin kənd təsərrüfatı istehsalı 2.2%, qeyri-neft sənayesi 11.2%, informasiya və rabitə xidmtələri 4.4%, dövlət büdcəsini gəlirləri 15.5%, əhalinin nominal gəlirlər 0.6%, kredit qoyuluşları 11.9% artmışdır.
Bunlar kəmiyyət göstəriciləri. İndi isə keyfiyyət göstəricilərinə fikir verək. Ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət haldır. Belə ki, qeyri-neft sənayesi və kənd təssərrüfatında artım dinamıkasının saxlanması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların özünü müsbət tərəfdən göstərməsi mühüm keyfiyyət göstəricisidir.
Digər mühüm bir kefiyyət göstərici şəffaflaşma prossesinin getməsidir. Elektron qaimə ilə aparılan dövriyyənin artımı iqtisadiyyatda şəffaflaşmanın əsas göstəricilərindən biridir. Belə ki, son 5 ayda elektron qailmə ilə rəsmiləşən dövriyyənin həcminin 6.8% artması bu sahədə mühüm göstəricidir. Nəzərə alsaq ki, bu artım qeyir-neft ÜDM-nin 2.5% azalması fonunda baş verib onda prossesin dinamikliyi daha çox aydın görünür. Pərakəndə ticarət dövriyyəsinin 1.7% azalmasına baxmayaraq rəsmiləşən dövriyyənin 15.3% artması iqtisadaiyyatın ağarması yönümundə əsas keyfiyyət göstəcilərindən biri hesab edilməlidir.
1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artması bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm bir keyfiyyət göstəricisidir.
Əmək haqqı fondunun 25% artması insanların sosial həyat şəraitini yaxşılaşması baxımından əsas keyfiyyət göstəricilərindən biridir.
Biznes kreditlərinin 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artması iqtisadi aktivliyin dəstəklənməsi baxımından mühüm gəstəricidir. Kreditlərin 60%-dən çox hissəsinin biznes kreditlərinə yönəlməsi gələcək iqtisadi artımı təmin edəcək mühüm amillərdən biridir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların 37 faiz, elektron ticarətin 53 faiz, internet bankçılığın isə 84 faiz artması ödəmə texnologiyalarının geniş tətbiqinin mühüm keyfiyyət göstəricisidir.
Beləliklə, keyfiyyət göstəricilərinin iqtisadiyyatın əsas hərəkətverici sahələrdə müşahidə olunması onu deməyə əsas verir ki, ümumi azalmalar fonunda sağlam keyfiyyət dəyişikləri iqtisadiyyatın azalmalarını kompensasiya edərək, gələcəkdə daha güclü artımın əsas dayaqları ola biləcəkdir”.
Nigar Orucova