“İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalıb. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər”.
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
“Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yağıntıların zaman və məkan üzrə qeyri-bərabər şəkildə paylanması baş verir. İqlim dəyişmələri nəticəsində ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi olaraq ölkənin dağlıq ərazilərində şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır.
İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzər sahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalıb. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər il mütəmadi olaraq hidrometeoroloji xidmət çaylarda sululuq üzrə proqnozları hazırlayır və müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm də dağlarda qarölçmə işləri əsasında aparılır”, nazir qeyd edib.