Tovuz rayonu, Ağdam kəndi ərazisinə 4 ədəd mərminin düşməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən iki və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bir siqnal (əməliyyat çağırışı) daxil olub.
ANAMA-dan Unikal.org-a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib, birlikdə 2 ev və həyətyanı sahədə 4 atəş nöqtəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış minaatan mərmisinin hissələri aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Atəş nöqtələrinin ətrafında 220 kv.m əraziyə yerüstü, 14 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.