İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun avrokuboklardan kənarlaşdırılmaqla bağlı şikayətinə baxıb.
Unikal.org-un məlumatına görə, CAS Super Liqa təmsilçisinin etirazını əsassız sayaraq, UEFA-nın 1 illik cəza barədə qərarını qüvvədə saxlayıb.
Məhkəmənin açıqlamasında bildirilir ki, “Trabzonspor”un maliyyə feyr-pleyi qaydalarına əməl etməməyi təsdiqlənib: “Tərəflərin yazılı əsasları və dəlillərini nəzərdən keçirdikdə, “Trabzonspor”un 2019-cu il üçün maliyyə öhdəlikləri yerinə yetirmədiyi aşkarlanıb. Buna görə də klubun etirazı rədd edilib”.
UEFA-nın qərarı qüvvədə qaldığı üçün 2020/21 mövsümündə Çempionlar Liqasında Super Liqanın gümüş mükafatçısı olan Trabzon təmsilçisi deyil, gözlənildiyi kimi bürünc qazanan “Beşiktaş” oynayacaq.
Lakin “Trabzonspor” cəzasını qəbul etmək niyyətində deyil. Türkiyə klubu CAS-ın ardından İsveçrə Federal Məhkəməsinə şikayət etməyə qərar verib.
Qeyd edək ki, Türkiyəni Çempionlar Liqasında “Başakşəhər” və “Beşiktaş”, Avropa Liqasında “Sivasspor”, “Alanyaspor” və “Qalatasaray” təmsil edəcək.