Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunun bütün qəsəbələrində geniş abadlıq-quruculuq işləri aparılır, qəsəbədaxili yollara asfalt örtüyü salınır, yolların kənarlarında küçə işıqları quraşdırılır. 

Unikal.org xəbər verir ki, 13 avqust 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti abad məhəlləyə baxış keçirilmişdir.

İstifadəyə verilmiş abad məhəllədə Lökbatan qəsəbəsi, Mehman Həsənov küçəsi, 2a, 2, 14 və 1 saylı binaların qarşısında yerləşir.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 7200 kv.m sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Yeni salınmış abad məhəllədə 2 ədəd hər birinin sahəsi 12 kv.m olan söhbətgah, 1 ədəd uşaqlar üçün sürüşkən və 2 ədəd yelləncək, 4 ədəd 5 nəfərlik skameyka quraşdırılmış, 600 ədəd oleandr, 100 ədəd sərv və digər dekorativ kol və ağac əkilmiş, 14 ədəd küçə işığı quraşdırılmışdır. Ətrafda olan çoxmərtəbəli binaların giriş qəfəsləri təmir edilmiş, yeni pəncərələr, giriş qapıları quraşdırılmış, giriş qəfəsləri və ətraf ərazidə bütün divarlar da daxil olmaqla fasad boyası çəkilmişdir.

Abad məhəlləyə baxış keçirərkən orada olan ağsaqqallar burada yaşayan 360 yaxın ailə adından əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirmiş və rayon İcra hakimiyyətindən öz minnətdarlıqlarını ünvanına çatdırılmasını xahiş etmişlər.