Milli Mətbuatımızın yaranmasının 145 illiyi ərəfəsində Parlament Jurnalistlər Birliyi (PJB) “Media könüllüləri 145” layihəsinə start vermişdi.
Bəs, ötən müddət ərzində bu istiqamətdə hansı işlər görülüb?
Qurumun rəhbəri Elşad Eyvazlı bildirib ki, sentyabrdan bu istiqamətdə işlər aktiv fazaya keçəcək: “Bu məsələdə bizə dəstək olduğu üçün Bakı Dövlət Universtitetinin Jurnalistika fakültəsinə təşəkkür edirəm. Hesab edirəm ki, layihə Azərbaycan jurnalistlərinin yetişməsində, onların formalaşmasında, yeni çağırışlara cavab vermələri baxımından mühüm rol oynayacaq. Bu layihədən jurnalistika qazanacaq. Ona görə də bu layihənin gerçəkləşməsində cəmiyyətin hər bir üzvünün, eləcə də əlaqədar qurumların dəstəyi vacibdir”.
E.Eyvazlı qeyd edib ki, artıq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 145 tələbəsinin böyük bir qismi ilə online görüşlər keçiriblər.
“Hazırda təsnifatlandırma aparılır və bu bölgü avqustun sonunda başa çatacaq. Yuxarıda qeyd etdiyim kimi Sentyabrın 1-dən layihənin icrası intensivləşəcək. Bilirsiniz, Jurnalistika fakültəsində təhsil alan gənclər gələcəyin jurnalistləridir. Biz onların daha yaxşı formalaşması, ölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müxtəlif şəkildə dəstək göstərəcəyik”.
PJB sədri strukturlaşma və təsnifatlandırmadan sonra həm yerli, həm də xarici tanınmış mütəxəssislərlə birlikdə online seminarlar keçirəcəklərini də vurğulayıb.
“Biz ölkədəki media rəhbərləri ilə görüşlərə də start vermişik. Tələbə olmaqlarına baxmayaraq, dərsdən sonra onların işlə təmin olunması, jurnalist kimi formalaşmasına dəstək olmaq üçün redaktorlarla görüşlərə başlamışıq. Görüşdüyümüz media rəhbərləri bu istiqamətdə hər zaman dəstək olacaqlarını bildirirlər”.
E.Eyvazlı layihənin əsas hədəflərindən də danışıb.
“Bu il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Könüllülər ili” elan edilib. Bütün sahələrdə könüllülər var. Biz düşündük ki, media sahəsində niyə könüllülər olmasın?
Könüllülər gələcəyin kadr bankıdır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, xaricdə ölkəmizi təmsil edən jurnalistlər demək olar ki, yox dərəcəsindədir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə azərbaycanlı jurnalistlərin çalışması şərtdir. Xarici mediaya çıxış vacibdir. Qarşımızda duran çox mühüm məsələlərdən biri budur.
Artıq 145 tələbənin hər birinin hansı dili bildiyi, hansı sahəni seçdiyi ilə bağlı məlumatlar toplanıb.
Son hədəfimiz azərbaycanlı jurnalistlərinin dünya standartlarına cavab vermələri, xarici mediada çıxış etmələridir. Bunun üçün hərtərəfli resurslarımız var. Əminik ki, “Media könüllüləri 145”-dən jurnalistikamız qazanacaq. Könüllüləri aktiv olmağa çağırıram. Onlar indi aktivlik göstərməklə gələcəklərini qurmuş olacaqlar. Onu da bilin ki, söylədiklərim nəzərdə tutduğumuz işlərin kiçik bir hissəsidir”.
E.Eyvazlı deyib ki, artıq Türkiyədə bu layihəyə böyük maraq var və eyni məzmunlu işlər orada da həyata keçiriləcək.