Seroloji testlər vasitəsilə vətəndaşlarda gələcəkdə koronavirusa qarşı immunitetin nə dərəcədə yüksək olub-olmadığını müəyyən etmək mümkündür.
Bu barədə Unikal.org-a açıqlamasında yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə strategiyasının əsas hissəsini təşkil edən testlərin gedişi barədə məlumat verən TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib:
“Seroloji testlərin əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu yolla insanın daha əvvəl virusa yoluxub-yoluxmaması haqqında məlumat əldə etmək mümkündür. Seroloji test zamanı vətəndaşlardan 3-5 mm qan alınır. Götürülən nümunələr qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçirilir və anticismin (antitelin) yaranıb-yaranmadığını müəyyən etmək olur”.
V.Əliyevin sözlərinə əsasən, bu testlər COVID-19-a yoluxmuş insanlar sağaldıqdan sonra onlarda bu virusa qarşı immunitetin yaranıb-yaranmadığı barədə məlumat verir.
“Tamamilə təhlükəsiz olan bu testlər dövlət tərəfindən və ödənişsiz həyata keçirilir. Bakı, Sumqayıt və Gəncə şəhərinin hər birində layihəyə əsasən orta hesabla 1500 test keçiriləcək. 18-65 yaş arası insanların içərisindən təsadüfi seçim ediləcək və lahiyə könüllülük prinsipi qorunmaqla həyata keçiriləcək. Vətəndaşlara çağırışımız odur ki, sağlamlıq üçün heç bir təhlükəsi olmayan bu testlərdən keçsinlər və daha əvvəl bu xəstəliyi keçirib-keçirmədikləri barədə məlumat əldə etsinlər”, - deyə V.Əliyev bildirib.
Dürrə Həsənova