Belarusdakı etiraz aksiyalarının təşkili ilə Varşava yaxınlığındakı xüsusi mərkəz məşğul olur, bütün bu proseslərin hamısını isə ABŞ idarə edir.

Unikal.org “BelTA”ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 21-də Dzerjinski adına aqrokombinatın işçiləi ilə söhbəti zamanı deyib.

“Rusiya bizi itirməkdən qorxurdu. Qərb isə bizi Rusiyaya qarşı kökləməyə qərar verib. İndi isə onlar üç Baltika respublikası, biz və Ukraynadan Baltik-Qara dəniz dəhlizini, sanitar kordonu yaratmaq istəyirlər. Yeganə bənd biz qalmışıq”, - deyə dövlət başçısı bildirib.

Lukaşenko qeyd edib ki, bütün bunları ABŞ planlaşdırır və yönəldir, avropalılar isə deyilənlərə əməl edir.

“Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb. Biz ona nəzarət edirik və nə ilə məşğul olduğunu bilirik. Tırtıllarını işə salıblar. Yaxınlıqda sakitlik pozulanda tanklar da hərəkətə keçir, təyyarələr də uçur”, - deyə Belarus lideri qeyd edib.