Rusiyanın koronavirus infeksiyasına qarşı hazırladığı “Sputnik-V” adlı peyvəndin hamilə qadınlar və süd verən analara vurulması qadağan edilib.
Unikal.org xəbər verir ki, bu barədə dərman vasitəsinin istifadəsi üzrə təlimatında qeyd olunub.
Bildirilib ki, peyvənd hamilə qadınlar və süd verən anaların səhhətinə mənfi təsir edə bilər.
Qeyd edək ki, peyvənd ilk olaraq yüksək risk qrupundakı vətəndaşlara tətbiq olunacaq.
Xatırladaq ki, avqustun 11-də Rusiya dünyada birinci olaraq koronavirus əleyhinə vaksini qeydiyyata alıb. “Sputnik V” adlanan bu preparat RF Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzində yaradılıb, iyun və iyul aylarında kilinik sınaqlardan keçirilib.
Preparat bir sıra başqa vaksinlərin yaradıldığı məlum platformaya əsaslanır. Avqustun 15-də RF Səhiyyə Nazirliyində bu preparatın istehsalına başlanması və birinci partiyanın buraxılması barədə məlumat verilib.