“Ölkəmizdə tətbiq olunan karantin rejiminə hər bir vətəndaş, eləcə də məmur ciddi əməl etməlidir. Bu günlərdə keçirilən toy mərasimi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb və ciddi əks-səda doğurub”.
Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, bu kimi hallar yolverilməz və məsuliyyətsizlikdir:
“Kimliyindən asılı olmayaraq hər bir şəxs karantin qaydalarına əməl etməli və bu sahədə dövlətin apardığı mübarizə tədbirlərinə dəstək olmalıdır. Ölkəmizdə aparılan mübarizə tədbirlərinin əksinə zidd gedən şəxslər ciddi cəzalanmalıdır. Karantin qaydalarının pozulmasına, deputatın nüfuzunun zərbə almasına gətirib çıxara bilən istənilən davranışı qınayıram. Dünyanı bürüyən pandemiyaya dövlət-vətəndaş əməkdaşlığı sayəsində qalib gəlmək mümkündür. Bu etimadı və əməkdaşlığı isə heç kim poza bilməz”.
Elvin Rüstəmov