Avqustun 27-i saat 11 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölüb.
Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Fakta görə Xızı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilib, hadisənin şahidləri müəyyən edilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.