Cərrahi əməliyyat edilən Braziliya Prezidenti Jair Bolsonaro sentyabrın 26-da günortadan sonra “San Paulo” klinikasından evə buraxılıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Globo” telekanalı məlumat yayıb.
Bildirilib ki, artıq prezident həftənin bazar ertəsi işə başlaya biləcək.
Qeyd edək ki, avqustun sonunda dövlət başçısı ultrasəs diaqnostikasından keçib. Müayinə nəticəsində onun böyrəyində daş olduğu müəyyən edilib. Prezident bunu yaşla əlaqələndirərək əhəmiyyət verməsə də, bir neçə gün sonra ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib. Bir saat yarım çəkən əməliyyat uğurlu olub.
Xatırladaq ki, Bolsonaro artıq bir neçə dəfə əməliyyat olunub. Keçən ilin dekabrında rəsmi iqamətgahında yıxılmışdı.
Növbəti dəfə prezident dəri xərçəngi ilə bağlı şübhələri əsasında xəstəxanaya yerləşdirilsə də, bu diaqnoz təsdiqlənməmişdi.
2018-ci il sentyabr ayının əvvəlində isə prezidentliyə namizəd olan Bolsonaro Braziliyanın cənub-şərqində seçicilərlə görüşü zamanı bıçaqlanmışdı. Üç həftədən çox xəstəxanada yatan namizəd 4 dəfə əməliyyat edilmişdi.