“Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki,   zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən  dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün Azərbaycan dövlətinin qətiyyəti, siyasi iradəsi, birliyimiz, həmrəyliyimiz, Ordumuzun gücü, qüdrəti sayəsində cəbhə bölgələrindən gələn xoş xəbərlər  erməniləri və onların havadarlarını narahat etsə də unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Beynəlxalq hüququn əsas prinsiplərindən biri  Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş  hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır. Azərbaycan bu prinsiplərə söykənərək  haqq səsini dünyaya çatdırır, ermənilərin və ona dəstək verən dövlətlərin 30 ilə yaxın  münaqişənin həllinin gözləmə səbəblərini açıqlayır. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, biz ədaləti bərpa edirik, xalqımızın ümidlərini doğrulduruq, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu fikirləri Unikal.org-a Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

A.Vəliyev qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin xalqa müracıətində bir daha dövlətimizin qətiyyətli, dəyişməz mövqeyi bəyan edilib. Azərbaycan müstəqil dövlətdir. Hec bir dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə oturub durmur:  “Bu gün Ermənistan  bir daha bu reallığın şahididir ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Hazırda  Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir.  İşğalçı, təcavüzkar sülhə məcbur edilir.  Ermənistan və onun havadarları Azərbaycanın  gücünü,  iradəsini  gördülər.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  bəyan etdiyi kimi, onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz.

Bu gün işğalçı dövlətin rəhbərinin dünya dövlətlərinin, nüfuzlu təşkilatların qarşısında diz çöküb yalvarması Azərbaycanın qətiyyətinin, iradəsinin nəticəsidir” söyləyən millət vəkili bildirib ki,  dünya bir daha bu reallığın şahidi oldu ki, onların 30 ilə yaxın dövrdə görə bilmədiklərini Azərbaycan Ordusu  öz gücü, qüdrəti ilə gördü. Azərbaycan  qalib gələcək,  zəfər çalacaq”. 

A.Vəliyev qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev müharibə aparan ölkənin rəhbərinin dövlətinin, xalqının maraqlarını müdafiə etmək,  ərazi bütövlüyünü təmin etmək,  qarşı tərəfi yerində oturtmaq üçün nə etmək lazımdırsa, onu böyük inamla, qətiyyətlə edir: “Cənab İlham Əliyev xalqa müracıətində bir daha bəyan etdi ki,  Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq.  Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Biz istəyirik ki, qan tökülməsin, şəhidlər olmasın.  Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır. Ermənilər və onların havadarları bu reallığı qəbul etməlidirlər ki, Azərbaycanın təbliğatı tarixi  faktlara, real həqiqətlərə əsaslanır, beynəlxalq hüququn norma və prinsipləri əsasdır.” 

Gülayə Mecid