"Rusiya Federasiyanın anti-Azərbaycan fəaliyyəti ilə bağlı “Qarabağ Tribunası” vətəndaş təşəbbüsünün Mövqe Sənədi yayıb.
Unikal.org xəbər verir ki, sənəddə deyilir:
Azərbaycan ordusu sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq və vətəndaşların təhlükəsizliyini təmin etmək, eləcə də 27 illik işğala son qoymaq məqsədi ilə əks-hücum kompaniyasına başlamışdır. Qısa müddət ərzində bir sıra ərazilərin işğaldan azad edilməsi Azərbaycanın dostlarını sevindirdiyi kimi düşmənlərini də məyus etmişdir.
Azərbaycan torpaqlarının işğaldan azad etməsini nəzərdə tutan BMT Təhülkəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını 27 il ərzində təmin edə bilməyən ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan ordusunun beynəlxalq hüquqa uyğun həyata keçirdiyi hərbi əməliyyatları dayandırmağa cəhd etməklə bizdə belə təəssürat yaradır ki, həmsədr dövlətlər vətənimizin bir hissəsinin işğalında maraqlı tərəflərdir.
Xüsusilə də Rusiya Federasiyanın BMT Təhülkəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbayanın beynəlxalq hüquqa əsaslanaraq özünün ərazi bütövlüyünü təmin etmək cəhdinə qarşı aktiv fəaliyyəti diqqət çəkir. İşğalçı Ermənistanı təcili sürətdə silahlandırmaqla yanaşı Rusiya dövlətinin himayəsində olan bütün kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəzli, böhtan və təxribat xarakterli informasiya siyasəti həyata keçirilir.
Rusiyanın Ermənistana verdiyi hərbi-texniki dəstək nəticəsində çoxsaylı mülki vətəndaşlarımız həlak olub. Eyni zamanda Gəncə şəhərinin qadağan olunmuş ballastik raketlə vurulmasında Rusiyanın Ermənistandakı hərbi kontengentinin iştirakı haqqında da müəyyən ehtimallar var. Rusiyanın bu bədnam hərəkətlərini qəti şəkildə pisləyir və Ermənistanı silahlandırmasına son qoymağa çağırırıq.
Artıq Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi siyasi və mənəvi ligitimliyini itirmişdir. Azərbaycan cəmiyyəti Rusiyanı vasitəçi kimi deyil, Ermənistanın açıq hərbi müttəfiqi və təcavüzkarın himayəçisi hesab edir.
Azərbaycan cəmiyyətinin vətənimiz üçün həyati əhəmiyyətli bu günlərdə yumruq kimi birləşməsi və torpaqlarımızı işğaldan azad etmək üçün müqqədəs vəzifəsini həyata keçirən ordumuza hərtərəfli dəstək verməsi təqdirə layiqdir.
Azərbaycan hakimiyyətini torpaqlarımızı işğalçılardan tamamilə təmizləməkdə tərəddüd etməməyə və işağlçı Ermənistana, onun himayədarlarına qarşı qətiyyətlə müqavimət göstərməyə səsləyirik.
Imza:
1.İlham İsmayıl
2.Abbasağa Məmmədov
3.Xəqani Cəfərli
4.Nəsimi Məmmədli
* "Qarabağ tribunası" 2019-cu ilin dekabrında bir qrup ekspert tərəfindən təsis edilib. Qrup siyasi partiyaların, ictimai təşkilatların və xadimlərin fikirləri əsasında Azərbaycanın Qarabağ problemi ilə bağlı ümumi strategiyasının işlənib hazırlanması vəzifəsini qarşıya qoyur.
"Qarabağ tribunası" nın üzvləri əmindir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər