Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı Şuranın tövsiyəsi ilə erməni təxribatları və terroru haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən Qərargah yaradılıb. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərir.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, layihə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirilir.
Məktublar universitetin 20-ə yaxın Dil və mədəniyyət mərkəzinin, eləcə də xarici dilləri tədris edən müəllimlərinin adından Fransa prezidenti Emmanuel Makrona, İsveç kralı Karl XVI Qustava, Norveç kralı V Heralda, Danimarka Kraliçası II Marqaretə, BMT Baş Katibi Antoniu Quterreşə, Almaniya Kansleri Angela Merkelə, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə, ABŞ Dövlət Departamentinə, müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinə, diplomatik korpusun təmsilçilərinə, universitetlərə, o cümlədən Fransanın "Le mond" və "Le Figaro" qəzetlərinə, Rusiyanın bütün nüfuzlu media orqanlarına, Beynəlxalq Frankofoniya Təşkilatına, İspan Konqresinə, Avstriya Xarici İşlər Nazirliyinə, İndoneziyanın Xarici işlər nazirinə, Çinin Beynəlxalq Ölkələrlə Dostluq Cəmiyyətinə, Ümumçin Jurnalistlər Assosiasiyasına və s. ünvanlanıb.
Bugünədək ünvanlanan 300-ə yaxın məktub ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, Danimarka, ərəb və s. dillərdə yazılıb. Qarabağ həqiqətlərinin informativ təbliğatı üçün tərtib olunan və məzmunca bir-birini təkrar etməyən məktublar göndərilməkdə davam edir. Məktublara artıq cavablar gəlməkdədir.
Qarabağ həqiqətləri haqqında göndərilən məktublarda qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Torpaqlarımızın 20% -i işğal olunub, bir milyondan artıq insan öz tarixi yurdlarından didərgin düşüb. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq bu rejimi pozur, hərbi təxribatlara əl atır. Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarını azad etmək, bölgədə sülhü və əminəmanlığı bərpa etmək üçün öz ərazilərində hərbi əməliyyatlar aparır.
İşğalçı Ermənistan Silahlı Qüvvələri bütün beynəlxalq qanunları pozaraq Azərbaycanın cəbhə bölgəsinə yaxın olan və həmin ərazilərdən uzaqda yerləşən şəhər və kəndlərə raket zərbələri endirir, mülki insanları qətlə yetirməklə öz terrorçu mahiyyətlərini bir daha dünyaya sübut etmiş olurlar.
Müəlliflər ümidvar olduqlarını bildirirlər ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşacaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal və ədalətli mövqe göstərəcəklər.