Roma şəhərində keçirilən icazəli aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına kəskin etiraz edilib.

Unikal.org xəbər verir ki, İtaliya-Azərbaycan Birliyi və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının üzvləri, diaspor nümayəndələri ilə yanaşı, İtaliya ictimaiyyətinin təmsilçiləri - İtaliya-Azərbaycan Ticarət Palatasının sədri, xanım Manuela Traldı, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo, Sapienza Universitetinin professoru Daniel Pomyer Vinselli də aksiyada iştirak edərək erməni vandalizminə qarşı etiraz səslərini ucaldıblar.

Aksiya iştirakçıları İtaliya ictimaiyyətinin diqqətini Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonlarının, artilleriya atəşinə tutulmasına yönəldib, Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyəti bu vandalizm aktlarına biganə qalmamağa çağırıb.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Ermənistanın təcavüzkar siyasətini və vandalizm aktlarını əks etdirən plakatlar nümayiş olunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar  səsləndirib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.