Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovun təşəbbüsü ilə azərbaycanlılar Avstraliya İttifaqının Sidney şəhərində bir araya gəliblər. Soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhuna yasin oxutdurub, yaralılara şəfa diləyiblər.
Unikal.org xəbər verir ki, daha sonra soydaşlarımız məscidin qarşısına toplaşaraq ictimaiyyətin diqqətini Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində və Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrində törətdikləri vandalizm aktları barədə məlumatlandırıblar. Azərbaycan bayraqlarının dalğalandığı tədbirdə Ermənistanın qəsdən dinc mülki əhalini hədəfə almasını pisləyən şüarlar səsləndirilib.
Aksiya zamanı ermənilərin təxribat xarakterli addımının qarşısı da alınıb. Belə ki, Gelibolu məscidinin qarşısında magistral körpünün tam ortasında ermənilərin yerləşdirdiyi təxribat xarakterli baner dərhal aradan qaldırılıb.
Ümumilikdə Sidney şəhəri üzrə 5000 nəfərə yaxın insan Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən haqsızlıqlarla bağlı məlumatlandırılıb.