Abşeron rayonunda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib. Rayonun 15 kənd və qəsəbəsində fəaliyyətinə icazə verilən iaşə obyektlərinə, kafe və restoranlara, market və dükanlara baxış keçirilib.
Unikal.org xəbər verir ki, Abşeron RİH-nin əməkdaşlarının, kənd və qəsəbələrin icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və polis əməkdaşlarının birgə iştirakı ilə keçirilən monitoriqlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparılıb. Əməkdaşlar sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.
Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. Bununla belə, xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlar da aşkar edilib, onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.