Son vaxtlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirusa (COVİD-19) yoluxma halları artır. Xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir, əhalinin təkcə maarifləndirilməsinə deyil, həm də sağlamlığının qorunmasına və ərzaq təminatına xüsusi diqqət yetirilir.

Unikal.org xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” layihəsinin dəstəyi ilə yardım aksiyası gerçəkləşdirib. Belə ki, müxtəlif rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə, ümmulikdə, sanitar-gigiyenik vasitələr və ərzaqdan ibarət 11 ton yardım 550 ailəyə təqdim olunub.

Risk qrupuna daxil olan insanların evdə qalmasına və  virusa yoluxmaqdan qorunmasına dəstək vermək məqsədi daşıyan yardım aksiyası zamanı məcburi köçkünlərə  infeksiyanın qarşısının alınması üçün zəruri olan sanitar-gigiyenik tələbələrə və sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə edilib. Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər. 

Qeyd edək ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) GmbH tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsi Bərdə, Ağdam rayonu və Mingəçevir şəhərində həyata keçirilir. Proqramda Gürcüstan və Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluq və yeni bizneslərin qurulması, həmçinin mövcud bizneslərin genişlənməsi və məcburi köçkün qəsəbələrində xüsusilə qadınların və gənclərin sosial inteqrasiyasının dəstəklənməsi nəzərdə tutulur.