Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis (DYP) Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.
Unikal.org xəbər verir ki, reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.
Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.
Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.
Qeyd edək ki, Abşeron rayonunda RİH və polis əməkdaşları tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.